ELM VƏ TƏHSİL
“İstiqlal arzusu ilə yaşayan şair” monoqrafiyası nəşr olunub
Bakı, 14 fevral, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın “İstiqlal arzusu ilə yaşayan şair” kitabı işıq üzü görüb. Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya olan bu kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 16 dekabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə çap olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “Vətəndaşlıq missiyasının şairanə ifadəsi” adlı “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Kitabın redaktorları yazıçı-publisist Mustafa Çəmənli, Könül Aslanova, rəyçiləri filologiya elmləri doktorları Vaqif Yusifli və Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiya “Özü ilə istiqlal arzusunu aparan şair”, “İstiqlal şairləri və Şahmar Əkbərzadə”, “Şahmar Əkbərzadənin lirikasında psixologizm”, “Türk dünyasının şairi”, “Qarabağdan əsən yellər”, “Müstəqillik illərində Şahmar Əkbərzadənin publisistikası” bölümlərindən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.