QAN YADDAŞI
İstiqlal yolunun 20 Yanvar aşırımı
Bakı, 18 yanvar, P.İmanova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar hadisələri ilə bağlı elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “İstibdaddan istiqlala” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, 20 Yanvar faciəsi xalqımıza qarşı törədilmiş cinayət, hüzn, anma günü kimi dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız tərəfindən qeyd olunur.
R.Hüseynov Azərbaycan xalqının istiqlalçılıq, azərbaycançılıq, milli özünüdərk yolundakı təşəkkülündə 1990-cı illər azadlıq hərəkatının tarixi-analitik əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-də baş vermiş bu hadisə, əslində, Azərbaycanın sonralar yenidən elan edəcəyi istiqbalının, bərpa edəcəyi dövlət müstəqilliyinin təməlini qoydu. Bu Azərbaycanın öz haqları, bir millətin azadlığı uğrunda mübarizəsinin təkan nöqtəsi idi. Yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş cinayət millətin içərisindəki nifrət hissini, əzmini, haqları uğrunda mübarizə duyğusunu qüvvətləndirdi.
Akademik 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş bu faciənin ağır nəticələrindən danışıb. Bildirilib ki, 20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir. Bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.
Diqqətə çatdırılıb ki, faciənin səhəri günü ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu hadisəyə kəskin etirazını bildirib.
Ədəbiyyat Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar istiqlal yolunun zirvəsidir.
Sonra muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.