CƏMİYYƏT
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-dekabrın 15-16-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 3-5° isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 8-12°, dağlıq rayonlarda 6-9° isti olacağı bildirilir.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturunun 8-13° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 6-11° isti olacağı ehtimalı var.
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 9-12° isti olacağı bildirilir.