CƏMİYYƏT
İstirahət günlərində səyahətə çıxanları yağmursuz və günəşli hava şəraiti gözləyir
Bakı, 27 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 28-29-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 31-36°, dağlıq rayonlarda isə 23-28° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 31-36°, dağlıq rayonlarda 28-32° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında hava şəraitinin günəşli olacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 35-40° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 36-41° isti olacağı ehtimalı var.
Paytaxtda yaxın iki gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 32-37° isti olacağı gözlənilir. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. Günorta saatlarında saat 11:00-dan 17:00-dək Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə edilir.