CƏMİYYƏT
İstirahətə gedənlərin nəzərinə: Anomal istilər olacaq
Bakı, 29 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, həftəsonunda Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq.
Departamentdən AZƏRTAC-a bildirilib ki, istirahət günlərində Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 36-41 dərəcə isti olacağı ehtimal edilir.
Aran rayonlarında anomal isti, günəşli hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 37-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 37-42 dərəcə isti olacağı bildirilir.
Bakıda anomal isti, günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturunun 37-41 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.