CƏMİYYƏT


İstixanalarda birgə videomonitorinqlər davam edir

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində yanvarın 14-də Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Xəzər rayonunda yerləşən “Alza Holdinq” MMC və “Amoris” MMC-yə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı istixanalarda hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları yerində əyani şəkildə göstərilməklə cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə apardığı videomonitorinqlər ölkəmizin digər regionlarında fəaliyyət göstərən istixanalarda davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.