CƏMİYYƏT


İstixanalarda birgə videomonitorinqlər davam edir

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində fevralın 15-dən 25-dək Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Samux rayonunun Ziyadlı kəndində “Agricola” MMC, Yevlax rayonunun Kolanı kəndində "Eko Aqro" MMC-də və Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Məlikməmməd Cəbrayılov, Hüseyn Rzayev, Kazım Məmmədov, Abşeron rayonunun Masazır kəndində Novruz Fərəcova oğluna məxsus pomidor yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, aparılan bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.