CƏMİYYƏT
İstixanalarda videomonitorinqlər zamanı bitki mühafizə tədbirləri barədə mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində aprelin 12-dən 14-dək iki ölkə mütəxəssislərinin iştirakı ilə Şəmkir rayonunda Əkbərov Sahil Abdulla oğlu, Hüseynov Ələsgər Qurban oğlu, Məlikov Səxavət Siyasət oğlu, Məlikov Royal Elman oğlu, Məmmədov Qərib Allahverdi oğlu, Tovuz rayonunda yerləşən, Hümbətli Tural İlqar oğlu və Salyan rayonunda Hüseynov Cavid Əlsaf oğluna məxsus pomidor yetişdirilən istixanalarda və Şəmkir rayonunda yerləşən “Alyans Aqro” MMC, Salyan rayonunda yerləşən “Azfrut” MMC-də videomonitorinqlər aparılıb.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.