İsveç Krallığında Ümummilli Liderin 99-cu ildönümü ilə əlaqədar klassik musiqi konserti olub VİDEO
AzerTAg.az
Stokholm, 5 may, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar klassik musiqi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin İsveçdəki səfiri Zaur Əhmədov ulu öndər Heydər Əliyevin həyat yolundan və siyasi fəlsəfəsindən, həmçinin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən ətraflı danışıb.
Müasir Azərbaycan dövlətinin banisi olan Ümummilli Liderin ölkəmizin gələcəyinə istiqamətlənmiş düşünülmüş fəaliyyət, ərazilərimizin işğaldan azad olunması uğrunda apardığı siyasətə toxunan diplomat bu siyasətin məntiqi davamı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edildiyini xüsusi vurğulayıb.
Zaur Əhmədov deyib ki, Azərbaycan xalqı yaşadıqca Ümummilli Liderin xatirəsini həmişə qəlbində yaşadacaq.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.
Daha sonra İsveçdə yaşayan həmyerlimiz, musiqiçi, Bəstəkarlar İttifaqının üzvü Aydın Ziyadlı klassik musiqi nümunələrindən ibarət konsert proqramı ilə çıxış edib.
Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, həmçinin Azərbaycanın və Avropanın digər görkəmli bəstəkarlarının əsərləri ifa edilib.
Tamaşaçıların böyük marağına səbəb olan konsertdən sonra diaspor nümayəndələri müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm



Xəbərin mətnində orfoqrafik səhv var