DÜNYA


İsveç NATO-ya üzv olmaq üçün güzəştlərə gedə bilər

İsveç NATO-ya üzv olmaq üçün güzəştlərə gedə bilər

Stokholm, 31 mart, AZƏRTAC

İsveç NATO-ya üzv olmaq üçün güzəştlərə gedə bilər.

AZƏRTAC xəbər verir ki, Skandinaviya krallığı Finlandiyanın Şimali Atlantika alyansına üzv olması prosesinin başlanması ilə bağlı yeni çətinliklərlə üz-üzədir. Mətbuatda və ekspert dairələrində təxminən bir il əvvəl başlamış prosesin başa çatmadığı ilə əlaqədar narazılıq ifadə edilir.

Başlanğıcda iki Şimali Avropa ölkəsi eyni vaxtda - 2021-ci ilin mayında NATO-ya üzv olmaq qərarını açıqlamışdı. Lakin alyansın bütün üzvlərinin yeni üzvlərin qəbul edilməsinə dair razılıq verəcəyi məsələsi gözlənildiyindən daha mürəkkəb oldu. Silah tədarükünə məhdudiyyətin aradan qaldırılması və bu iki ölkənin ərazisində gizlənən şəxslərin təhvil verilməsi tələbini irəli sürən Türkiyə hökuməti daha barışmaz mövqe tutdu. İsveç və Finlandiyada sığınacaq almış terror təşkilatlarının üzvü olmaqda şübhəli bilinən şəxslərlə bağlı problem Ankaranı narahat edir.

Bunun ardından Finlandiya hökuməti problemin köklü həllinə nail ola bildi və nəticədə, Türkiyə Böyük Millət Məclisi bu ölkənin NATO-ya üzvlüyü barədə protokolu ratifikasiya etdi. Lakin rəsmi Stokholm bu məsələdə rədd cavabı aldı. Türkiyənin rəsmiləri bəyan etdilər ki, İsveçdən fərqli olaraq, Finlandiya ötən il tərəflərin bütün mövcud problemlərin həllinə dair imzaladığı memorandumda nəzərdə tutulan öhdəlikləri yerinə yetirib.

Ankara onu da bəyan edib ki, İsveç öz ərazisində terrorçu qruplaşmalarla mübarizə sahəsində yetərli səylər göstərmir. Bunun nəticəsində Ankara və Stokholm arasında İsveç paytaxtında kürd qruplarının küçə etirazları və Türkiyə səfirliyinin önündə Qurani-Kərimin yandırılması kimi antiislam aktı fonunda aparılan danışıqlar yavaşladı. İsveçin NATO-ya üzvlüyü ilə bağlı jurnalistlərin sualına cavab verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Biz onlardan müəyyən addımlar gözləyirik. Öhdəliyin yerinə yetirilməsi çox mühümdür”.

Bununla yanaşı, İsveç hökuməti bu il Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra sözügedən məsələdə müsbət irəliləyiş olacağına ümid edir. Eyni zamanda, türk icmasının qarşısında ölkənin imicini yaxşılaşdırmaq istiqamətində tədbirlər görülür. Krallıq Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək üzrə daha ardıcıl addımlar atıb. Cari ilin martında Aİ Şurası və Avropa Komissiyasında sədrlik edən İsveç Türkiyə və Suriyada zəlzələ qurbanlarına yardım göstərilməsi üzrə Beynəlxalq donorlar konfransı da təşkil edib. Stokholm bu tədbirdə öz yardımının həcmini artıraraq daha 45 milyon avro ayırıb. Konfransda donorlar tərəfindən 7 milyard avro ayrılıb.

Bütün bu addımların yetərli olmadığını başa düşən İsveç hökuməti Ankara ilə danışıqları davam etdirir və Türkiyənin tələbləri ilə qarşı-qarşıyadır. Beləliklə, İsveçin Avropada müharibə fonunda NATO-nun təhlükəsizlik çətiri altında sığınmaq niyyəti onun Türkiyənin tələblərinə əməl etmək potensialını artırır. Türkiyədəki seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbəsi rəsmi Stokholmu Rəcəb Tayyib Ərdoğanın dəyişməz mövqeyi fonunda öz yanaşmasına yenidən baxmağa məcbur edəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.