DÜNYA


İsveç NATO-ya üzvlüklə bağlı danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərəcək

Bakı, 16 may, AZƏRTAC

İsveç hökuməti krallığın NATO-ya qəbul edilməsi ilə bağlı mövcud anlaşmazlıqların həlli üçün Türkiyəyə nümayəndə heyəti göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SVTS telekanalı İsveçin müdafiə naziri Petr Hultkvistə istinadla məlumat yayıb.

“Ankara ilə müzakirələr aparmaq üçün bir qrup rəsmi şəxsi Türkiyəyə göndərəcəyik. Biz məsələnin nədən qaynaqlandığını və necə həll olunacağını nəzərdən keçirəcəyik. Lakin NATO-dan aldığımız siqnallar ondan ibarətdir ki, həm İsveçin, həm də Finlandiyanın alyansa qəbul edilməsi barədə razılıq əldə olunub”, - deyə Petr Hultkvist bildirib.

Mayın 16-da İsveç parlamentində NATO-ya üzvlük məsələsi barədə debatlar keçiriləcək. Həmçinin İsveç hökuməti alyansa daxil olmaq barədə ərizəni təsdiqləmək üçün bir araya gələcək. “Müraciətin nə vaxt göndəriləcəyini dəqiq deyə bilmərəm, lakin qərar bu gün veriləcək”, - deyə Petr Hultkvist əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması imkanını müsbət hesab etmədiyini deyib. Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatları, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) üçün “qonaq evidir”. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının əksəriyyətinin bu ölkələrin NATO-ya daxil olmasını istəmədiyini və Ankaradan prosesin qarşısını almağı xahiş etdiyini bildirib. O, bu məsələni alyansdakı müttəfiqləri, eləcə də Helsinki və Stokholmla müzakirə etmək niyyətində olduğunu vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.