DÜNYA
İsveç XİN başçısı: Krallığın NATO-ya daxil olmaq üçün müraciəti barədə Türkiyə ilə danışıqlarda irəliləyiş olub
Stokholm, 28 iyun, AZƏRTAC
İsveçin xarici işlər naziri Anna Linde “Svenska Dagbladet” qəzetinə müsahibəsində bildirib ki, Krallığın NATO-ya daxil olmaq üçün müraciəti barədə Türkiyə ilə danışıqlarda irəliləyiş olub.
AZƏRTAC xəbər verir ki, bununla yanaşı, nazir Şimali Atlantika Alyansının iyunun 29-da Madriddə başlanacaq sammiti çərçivəsində bu məsələnin həll olunacağını vəd etməyib.
Ann Linde deyib: “Biz irəliləmişik, lakin daha uzağa getmək üçün siyasi iradə lazımdır. Danışıqlarda adətən olduğu kimi, hələlik heç nə aydın deyil. Bu səbəbdən biz bu gün nə isə pozitiv dəyişiklik olacağına hazırıq, lakin potensial baxımdan bu məsələ çox vaxt tələb edə bilər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çərşənbə axşamı jurnalistlərə bildirib ki, İsveç və Finlandiya NATO üzvləri olmaq istədiklərini əməli surətdə sübut etməlidirlər. Prezident Ərdoğan bu bəyanatı Madrid sammitinə yola düşməzdən əvvəl səsləndirib. Həmin sammitdə, o cümlədən İsveçin və Finlandiyanın hərbi bloka üzvlüyü məsələsi də müzakirə ediləcək.
Ərdoğanın sözlərinə görə, əgər İsveç və Finlandiya onların NATO-ya daxil olmaq imkanına Ankaranın maneçiliyini davam etdirməsini istəmirlərsə, onlar Türkiyənin “narahatlığını” nəzərə almalıdırlar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm