İsveç azərbaycanlıları Tehrandakı terror aktını pisləyib
AzerTAg.az

Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveç Krallığında yaşayan soydaşlarımızda hiddət doğurub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Naminə” Cəmiyyətinin, Stokholmdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Mərkəzinin, “Qobustan” İsveç Aydınlar Ocağının və “SAF” İsveç-Azərbaycan Mədəniyyət Mərkəzinin yaydıqları bəyanatlarda diplomatik missiyamızın təhlükəsizlik xidməti rəisinin qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.
Azərbaycan əsilli isveçlilər İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıblar.
İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveçi və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.
Xəbərin mətnində orfoqrafik səhv var