DÜNYA


İsveç elektrik aviasiyaya keçid strategiyasını qəbul edib

Stokholm, 21 fevral, Rauf Əliyev, AZƏRTAC

İsveç hava limanlarının operatoru olan dövlətə məxsus "Swedavia" şirkəti elektrik aviasiyanın inkişafı strategiyasını qəbul edib.

AZƏRTAC-ın xüsusi müxbirinin aldığı məlumata əsasən, “Swedavia” şirkətində bildiriblər ki, yeni strategiyanın məqsədi İsveçdə mövcud on hava limanını elektrikli təyyarələrin istismarı və təmiri üçün hazırlamaqdan və 2025-ci ilədək ilk kommersiya elektrik aviasiya şirkətini istifadəyə verməkdən ibarətdir.

İlkin addım olaraq, artıq bu ilin payız aylarında Ore-Ostersund hava limanında elektrikli təyyarələr üçün sınaq meydançasının fəaliyyətə başlanılması nəzərdə tutulur. “Swedavia” şirkəti İsveçin mərkəzində, Norveç sərhədi yaxınlığında yerləşən Ore-Ostersund hava limanının elektrikləşdirmə strategiyası üçün ideal bir başlanğıc nöqtəsi olduğuna inanır. Bütün bunları nəzərə alaraq Ore-Ostersund hava limanında artıq prototiplər və pilotsuz uçuş aparatları üçün sınaq sahəsi yaradılıb. Yeni tip təyyarələrdə sınaq uçuşlarının həyata keçirilməsi üçün sınaq sahəsinin digər tərəfi isə Norveçin Roros hava limanıdır. İki şimal hava limanı arasındakı sınaq sahəsi 2019-cu ildə başlayan Avropa Birliyinin “Yaşıl Yol” layihəsi çərçivəsində yaradılıb. “Swedavia” şirkəti həmçinin İsveç və Finlandiya arasında elektriklə çalışan təyyarələrdə uçuşların potensialını öyrənməyi planlaşdırır.

Gələcəkdə “Swedavia”da İsveçin bütün 10 hava limanında elektrik təyyarələrinə xidmət göstərmək üçün infrastrukturun yaradılması planlaşdırılır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.