DÜNYA
İsveç hökuməti müdafiə xərclərini artırmaq qərarına gəlib
Stokholm, 19 sentyabr, AZƏRTAC
İsveç hökuməti müdafiə xərclərini artırmaq, yeni piyada və artilleriya alayları yaratmaq qərarına gəlib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveç hökuməti krallığın müdafiəsinin təminatı üzrə xərclərə əlavə 13 milyard İsveç kronunun (təqribən 1,486 milyard ABŞ dolları) təxsis edilməsi barədə partiyalararası razılaşmaya nail olub.
Yeni qərar parlament tərəfindən ölkənin müdafiə strategiyasına gözlənilən dəyişikliklərin tətbiqi fonunda qəbul edilib. Əldə edilmiş razılaşmaya əsasən, 13 milyard İsveç kronu həcmində vəsait ayrılması və 2021-2025-ci illərdə müdafiə sahəsinin modernləşdirilməsi nəzərdə tutulur.
Yeni qərarda, həmçinin 2021-2025-ci illərdə Kristinehamn şəhərində yeni artilleriya alayının yaradılması da nəzərdə tutulub. Bundan başqa, 2022-ci ildə iki piyada alayının bərpası və zəruri avadanlıqla tamamilə komplektləşdirilməsi, həmçinin silah-sursatla təchizatı prosesinə başlanması və bu prosesin 2026-cı ilədək başa çatacağı gözlənilir. Yeni alayların yerləşəcəyi ərazi yaxın aylar ərzində elan ediləcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm