DÜNYA
İsveç hökuməti ölkənin işlənmiş nüvə yanacağının basdırılması üçün yeraltı anbar tikilməsinə razılıq verib
Stokholm, 28 yanvar, AZƏRTAC
İsveç hökuməti qarşıdakı 100.000 il ərzində ölkənin işlənmiş nüvə yanacağının basdırılması üçün yeraltı anbar tikilməsinə razılıq verib.
AZƏRTAC xəbər verir ki, atom elektrik stansiyaları istifadəyə verildiyi vaxtdan nüvə tullantıları böyük bir problem kimi qalır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesablamalarına görə, hazırda bütün dünyada mövcud olan müvəqqəti anbarlarda 370 min tona qədər yüksək radioaktivlikli işlənmiş nüvə yanacağı var. Təkcə İsveçdə atom elektrik stansiyaları işə başlayandan bəri təqribən 8.000 ton yüksək radioaktivlikli tullantı istehsal edilib.
İndi İsveçin hakimiyyət orqanları bu tullantıların saxlanması ilə bağlı qlobal problemin həlli barədə müzakirələr aparır. Nüvə tullantılarını Stokholmdan 150 kilometr şərqdə yerləşən Forsmark atom elektrik stansiyasının yaxınlığındakı qayada 500 metr dərinlikdə unikal texnologiyalardan istifadə edilməklə basdırmaq nəzərdə tutulur.
Gözlənildiyinə görə, zəruri ekoloji icazələr alınacağı təqdirdə obyektin tikintisi təqribən 10 ildən sonra başa çatacaq. Sonrakı 70 il ərzində anbar 500 tuneldən doldurulacaq. Burada istifadə edilən KBS-3 texnologiyası nüvə tullantıları ilə işləmək üçün aparıcı texnologiya hesab edilir. Finlandiyadakı oxşar obyektdə də bu texnologiyadan istifadə ediləcək.
İsveçin ətraf mühit naziri Annika Strandholl jurnalistlərlə söhbətində deyib: “Bizim nəsil nüvə tullantılarına görə məsuliyyəti öz üzərinə götürməlidir. 40 illik tədqiqatların nəticələri 100.000 il təhlükəsiz olacaq. Bundan sonra biz indiki nüvə enerjisindən istifadə edərək dünyada mədən yanacağından asılı olmayan inkişaf etmiş birinci ölkə ola biləcəyik”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm