DÜNYA


İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir

Stokholm, 14 yanvar, AZƏRTAC

İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, Mərkəz Partiyası mühacirətin əleyhinə olan sağçı millətçi İsveç Demokratları Partiyasının güclənməsinə mane olmağa çalışaraq sosial-demokratlarla səylərini birləşdirib. Beləliklə, bütün siyasi məsələlərə dair fikir ayrılıqları fonunda 4 aydan bəri davam edən yeni hökumət formalaşdırmaq cəhdləri başa çatmaq üzrədir.

Sosial-demokratların lideri Stefan Löven 4 aydan bəri davam edən danışıqlara son qoyulması barədə nisbətən kiçik müxalifətçi partiyalarla saziş bağlayıb. Lövenin ikinci müddətə baş nazir vəzifəsində işə başlaması üçün çox ehtimal ki, çərşənbə günü parlamentdə bu məsələyə dair səsvermə aparılacaq. Səsvermə barədə artıq bu gün rəsmi anons veriləcəyi gözlənilir.

Ötən istirahət günlərində Mərkəz Partiyası və sosial-demokratlar arasında razılaşma əldə edilib. Hərçənd, jurnalistlər bəzi daxili ziddiyyətlərin qalmasını qeyd edirlər. Bu addım mötədil koalisiya partiyasının başçılıq etdiyi əvvəlki müxalifəti parçalayıb. Nəticədə sosial-demokratların 4 il davam etmiş hakimiyyətindən sonra dəyişikliklər baş verməsini tələb edən seçicilərin çoxu qəzəblənə bilər. Lakin yeni saziş nəticəsində sosial-demokratlar və “Yaşıllar” bloku yenidən hökumət formalaşdırmaq şansı əldə edir.

Xatırladaq ki, ötən il sentyabrın 9-da İsveç Parlamentinə (Riksdaqa) seçkilərdə Sosial Demokrat Partiyası ilə yanaşı Yaşıllar Partiyasının və İsveç Solçu Partiyasının da daxil olduğu qırmızı-yaşıl blok cüzi fərqlə qalib gəlib: bu blok 40,7 faiz, onun rəqibi olan sağ-mərkəzçi alyans isə 40,2 faiz səs toplayıb. Beləliklə, bu iki blokdan birincisi 144, ikincisi 143 mandat əldə edib. İndi əlavə dəstək alan qırmızı-yaşıl blok Riksdaqdakı 349 yerdən 167-sini tutmağa ümid edir, lakin bu halda da çoxluğa nail ola bilməyəcək. Bununla belə, İsveç siyasətində azlığın hökuməti anlayışı normal qəbul edilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.