DÜNYA
İsveçdə 9 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının istintaqı davam edir
Stokholm, 13 iyul, Rauf Əliyev, AZƏRTAC
İsveçdə 9 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının istintaqı davam edir.
AZƏRTAC xəbər verir ki, İsveç aviasiya qəzalarının araşdırma qurumu ilə yanaşı qəza səbəblərinin araşdırılmasına yerli polis də qoşulub.
Təyyarə qəzasının baş verdiyi Örebro hava limanında qəza anını qeyd edə biləcək müşahidə kameralarının yoxluğu səbəbindən, istintaq yalnız qara qutudan və qəza zamanı bir şahid tərəfindən təsadüfən edilən səs yazısından istifadə edə bilir. Təyyarə dağıntılarında digər əşyalarla yanaşı cib telefonlarının tapılmasına baxmayaraq, onlar hələlik mütəxəssislər tərəfindən analiz edilməyib.
Lakin, istintaq üçün xüsusi maraq kəsb edən səs yazılarıdır. Xüsusi texnologiyaların tətbiqi ilə müstəntiqlər lazımsız səsləri yığışdıraraq, mühərrik səslərini və qaza anında təyyarənin sürəti və digər göstəriciləri təyin etmək niyyətindədirlər.
Hazırda İsveç aviasiya qəzalarını araşdırma qurumu qəzaya səbəb kimi yalnız bir ehtimalı nəzərdən keçirir. Mütəxəssislərin rəyinə görə, təxminən 100 metr yüksəkliyə qalxdıqdan bir müddət sonra təyyarə hələlik bilinməyən çətinliklə qarşılaşaraq, kəskin şəkildə sola dönüb və sonra idarəetməni itirərək yerə çırpılıb.
Lakin, hadisənin dəqiq səbəbi hələ bilinmir.
Xatırladaq ki, Örebro hava limanından qalxdıqdan dərhal sonra yerə düşən Kanada istehsalı olan “DHC-2 Turbo Beaver” tək mühərrikli təyyarənin göyərtəsində yerli paraşüt klubunun üzvlərindən səkkiz paraşütçü və bir heyət üzvü var idi. “Kalle David Flyg AB” şirkətinə məxsus olan maşın, “Skane” paraşüt klubu tərəfindən istifadə edilirdi. Təyyarənin istehsalından 55 il keçməsinə baxmayaraq, qəzadan bir neçə həftə öncə o lazımi texniki baxışdan keçib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm