CƏMİYYƏT


İsveçdə BMT-nin himayəsi ilə yollarda insan həyatının xilas edilməsinin innovasiya vasitələri müzakirə olunur

Bakı, 20 fevral, AZƏRTAC

Dünyada hər il yol-nəqliyyat hadisələri nəticəsində 1,35 milyon insan həlak olur. Təqribən 50 milyon nəfər xəsarət alır və bəzi zərərçəkənlər ömürlük əlilə çevrilirlər. Bu, ondan irəli gəlir ki, kimsə sükan arxasında sürəti artırır, sərxoş vəziyyətdə olur və ya təhlükəsizlik kəmərini bağlamağı unudur. Stokholmda keçirilən konfransın iştirakçıları bu problemi müzakirə edirlər.

AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.

Dayanıqlı inkişaf sahəsində Hədəflərə həsr olunan yol hərəkəti təhlükəsizliyi üzrə III ümumdünya konfransı Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi ilə keçirilir. Konfransa dünyanın 140 ölkəsindən 1700 nümayəndə qatılıb. Onlar 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Onillik çərçivəsində qlobal planın icrasına dair təcrübə mübadiləsi aparacaq, həmçinin mobilliyin çox yüksəlməsi dövründə bundan sonrakı beynəlxalq əməkdaşlıq yollarını nəzərdən keçirəcəklər.

Nümayəndələr yollarda təhlükəsizliyi, o cümlədən bütün dayanıqlı inkişaf Hədəflərinin yerinə yetirilməsi baxımından müzakirə edəcəklər. Məlumdur ki, qlobal miqyasda yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm hallarının 90 faizi aşağı və orta gəlir səviyyəsinə malik ölkələrin payına düşür. Ölüm hallarının ən yüksək göstəricisi Afrikada qeydə alınıb - hər 100 min nəfərə 26,6 hadisə düşür. Ən aşağı göstərici isə - hər 100 min nəfərə 9,3 hadisə ilə Avropada müşahidə edilib. DST-nin Avropa regionundakı yollarda hər gün 230 nəfər dünyasını dəyişir və minlərlə insan xəsarət alır.

DST-də xatırladırlar ki, yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm halları və insanların aldığı əlillik təkcə talelərə son qoymur, həm də ailələri yoxsulluğa məruz qoyur: bəzilərinin ailə büdcəsi tamamilə müalicəyə gedir, bəziləri evə qazanc gətirən şəxsi itirir və ya zərərçəkənlərə ömrü boyu təzminat ödəməli olurlar. Yol-nəqliyyat hadisələrindən iqtisadi itki ölkələr səviyyəsində orta hesabla ÜDM-in 3 faizini təşkil edir. Yol-nəqliyyat hadisələri bütün dünyada hər yaş qrupunda olan insanların əsas ölüm səbəbləri arasında səkkizinci yerdədir, 5 yaşından 29 yaşadək uşaq və gənclərin başlıca ölüm amili hesab edilir.

Əgər hər kəs yol hərəkəti qaydalarına dəqiqliyi ilə riayət edərsə, baza təhlükəsizlik qaydalarını yerinə yetirərsə (kəmərləri bağlamaq, maksimal sürət həddini ötməmək, sükan arxasına sərxoş vəziyyətdə keçməmək, uşağın yaşı, boyu və çəkisinə müvafiq olaraq qoruyucu vasitələrdən istifadə etmək), o halda bir çox sərnişin, piyada, motosikletçi və velosipedçinin həyatını xilas etmək mümkün olardı.

DST ekspertləri qeyd edirlər ki, əksər hallarda yollarda motosikletçilər, piyadalar və velosipedçilər həlak olur. Təşkilat yenə də şəhər hakimiyyət orqanlarına təhlükəsiz velosiped yollarını qurmağı təklif edir, velosipedçi və motosikletçilərə qoruyucu dəbilqə və s. geyməyi məsləhət görür. Bütün bunlar - ilk baxışda adi tələblər insanların həyatını xilas etmək yoludur.

Konfrans iştirakçıları nazirlər səviyyəsində “Stokholm bəyannaməsi”ni qəbul ediblər. Sənəd BMT Baş Assambleyasının yol hərəkəti təhlükəsizliyi üzrə yüksəksəviyyəli iclasının keçirilməsinə, dünyanın hər yerində yollarda insan həyatının xilas edilməsi üçün yeni innovasiyalı qərarların işlənib hazırlanmasına səsləyir. Bəyannamədə, həmçinin dövlətlərə 2020-2030-cu illər dövründə yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının minimum 50 faizədək azaldılmasında səylərini gücləndirməkdən ötrü müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.