ELM VƏ TƏHSİL
İsveçdə çirklənmiş suyun yeni təmizlənmə üsulu kəşf olunub
Stokholm, 30 noyabr, AZƏRTAC
Civə və digər ağır toksik metallarla çirklənmiş su ekoloji cəhətdən və insan sağlamlığına təsiri baxımından ciddi təhlükə mənbəyidir. İsveçin Çalmers Texniki Universitetinin tədqiqatçıları çirklənmiş suyun elektrokimyəvi proseslər vasitəsilə təmizlənməsinin yeni üsulunu kəşf ediblər.
AZƏRTAC Çalmers Texniki Universitetinin saytına istinadla xəbər verir ki, tədqiqatçı Byörn Vikmanın sözlərinə görə, yeni üsul suda civənin miqdarını 99 faizədək azaltmağa imkan verir. Bu prosesdən sonra suyu içmək tamamilə təhlükəsiz olur.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, civə insan sağlamlığı üçün olduqca təhlükəli maddədir. Belə ki, o, əsəb sistemi və beyinin inkişafına mənfi təsir göstərir. Bundan başqa, çox sürətlə yayılan bu maddə asanlıqla qida məhsullarına qarışa bilir. Alimlərin hazırladığı yeni üsul sayəsində ağır metalların ionları sudan çıxarılır: xüsusi metal plastin vasitəsilə elektrodlar onları özünə çəkir. Yeni üsul eklektik enerjisinə qənaət etmək baxımından da səmərəlidir.
Bu ixtiranın müəllifləri həm İsveçdə, həm də xarici ölkələrdə bir sıra nüfuzlu mükafatlara layiq görülüblər. Yeni üsul iqtisadi cəhətdən faydalı olduğu üçün sənayeçilərin də diqqətini cəlb edib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm