DÜNYA
İsveçdə hökumət və polis avtomobillərin yandırılmasına qarşı mübarizə aparır
Stokholm, 18 avqust, AZƏRTAC
Yerli KİV-lərin verdiyi məlumata görə, son günlərdə İsveçin Linçöpinq, Lund və Malmö şəhərlərində 20-dən çox avtomobil yandırılıb.
Gecə vaxtı avtomobillərin yandırılması bu ölkədə ən tez-tez baş verən cinayətə çevrilib. Məsələn, Norrçöpinq şəhərindəki qarajların birində eyni vaxtda 20 maşın yandırılıb. Yerli asayiş keşikçiləri bildiriblər ki, yanğın başlanandan dərhal sonra hadisə yerindən 4 nəfər qaçıb.
Krallığın ən iri şəhərlərindən biri olan Malmödə bu il yayın əvvəlindən bəri 90-dan çox maşın yararsız vəziyyətə düşüb. Son vaxtlar Linçöpinq şəhərində 3 maşın yanıb. Bu cür hadisələrin miqyası günbəgün genişlənir.
Avtomobillərin yandırılması halları o qədər çoxalıb ki, hökumət bu məsələyə müdaxilə etməyə məcbur olub. Məsələn, ədliyyə naziri Morqan Yohansson çərşənbə günü xüsusi mətbuat konfransı keçirərək bildirib ki, hökumət belə hallara görə cəzanın sərtləşdirilməsi və təqsirkarların cəzalandırılması üçün nə mümkündürsə edəcək.
Nazir daha sonra bildirib ki, belə işlərə dair iddialara baxılmasını və cəza hökmü çıxarılmasını sürətləndirmək üçün xüsusi məhkəmələr yaratmağın mümkünlüyü məsələsinə baxılacaq. Hökumət vandalizm aktlarının oğurluğa bərabər tutulması üçün Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinin mümkünlüyünü də öyrənir.
O qeyd edib ki, hökumət ölkədə bu problemin xüsusilə kəskinləşdiyi müəyyən vilayətlərdə videomüşahidə kameralarından da istifadə etmək istəyir.
Baş nazir Stefan Löven isə polis əməkdaşlarının sayının artırılmasını elan edib. Əlavə polis əməkdaşları yaxın vaxtlarda avtomobillərin yandırılmasından daha çox ziyan çəkmiş rayonlarda yerləşdiriləcəklər.
Polis təhqiqat aparır. Məsələn, dünən axşam İsveçin Malmö şəhərinin polisi avtomobilləri yandırmaqda şübhəli sayılan 21 yaşlı kişini saxlayıb. Polisin məlumatına görə, şübhəli şəxsin maşınından güclü benzin iyi gəlirmiş. Maşında benzinlə dolu bir neçə kanistr və çəkic olub. Ehtimal ki, həmin şəxs maşınları yandırmazdan əvvəl çəkiclə onların şüşələrini qırırmış.
Qeyd edək ki, təkcə iyul ayında İsveçdə maşınların yandırılması ilə bağlı 2027 fakt qeydə alınıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm