MƏDƏNİYYƏT
İsveçdə keçirilən festivalda Azərbaycan milli musiqiləri və muğamları təqdim olunub
Stokholm, 20 oktyabr, Rauf Əliyev, AZƏRTAC
İsveçin Uppsala şəhərində “Maraqlı Klassiklər” (“Curious Classics”) adlı musiqi festivalı keçirilib. Festival çərçivəsində Azərbaycan milli musiqiləri və muğam əsərləri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Uppsala şəhərinin Konsert və Konqres Zalının təşkilatçılığı ilə keçirilən festivalın məqsədi yerli auditoriyanı xarici ölkələrin klassik və milli musiqiləri ilə yaxından tanış etməkdir.
Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova da festival çərçivəsində konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan və Türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan milli musiqisi və muğam əsərləri tamaşaçıların böyük marağına səbəb olub.
Tədbirdən sonra Fərqanə Qasımova ilə görüşən səfir Adış Məmmədov uğurlu konsert münasibətilə xanəndəni təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzulayıb. Ölkəmizdə musiqi mədəniyyətinin zənginliyindən söz açan səfir Azərbaycan xalq musiqisinin və muğamının xarici ölkələrdə də böyük maraq doğurduğunu vurğulayıb. Diplomat Azərbaycan muğamının dünyada tanıdılması işinə verdiyi töhfələrə görə Fərqanə Qasımovaya minnətdarlığını bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm