DÜNYA
İsveçdə könüllü mülki dəstələrin üzvləri hərbi xidmətə çağırılıb
Stokholm, 7 iyun, AZƏRTAC
İsveçdə könüllü mülki dəstələrin üzvləri 1975-ci ildən bəri ilk dəfə hərbi xidmətə çağırılıb. AZƏRTAC bu barədə “Euronews” saytına istinadla xəbər verir.
Bitərəfliyə riayət edən ölkə reputasiyası qazanmış İsveç problemli məsələlərin həllinə sülhsevər yanaşmanın tərəfdarı kimi məşhurdur. İsveç dövlətinin sonuncu dəfə müharibəyə qoşulmasından iki əsrdən çox keçib. Lakin son illərdə dünyada ümumi gərginliyin artması ilə əlaqədar Baltik regionunda təhlükəsizlik məsələsi yenidən aktuallaşıb.
Bu həftə İsveç Silahlı Qüvvələri 22.000 nəfərdən ibarət mülki könüllü dəstənin hazırlıq səviyyəsini yoxlamaq üçün bu dəstənin üzvlərini hərbi xidmətə çağırıb. Könüllülərə əmr edilib ki, iyunun 6-da bütün Krallıqda İsveç Milli Günü qeyd edilən gün hərbi xidmətə başlasınlar.
İsveç ordusunun rəsmi bəyanatında qeyd edilir ki, könüllülərə patrul, müdafiə və mühafizə vəzifələrini yerinə yetirmək əmr edilib. İsveç Silahlı Qüvvələrinin ali baş komandanı general Mikael Bidenin sözlərinə görə, 1975-ci ildən bəri ilk dəfədir ki, könüllü mülki dəstələrin bütün üzvləri hərbi xidmətə çağırılıb.
General M.Biden deyib: “Biz İsveçin müdafiəsini möhkəmlətmək və əməliyyat imkanlarımızı artırmaq əzmindəyik. Bu çağırış həmin məqsədə nail olmağın üsuludur”.
İsveç hökumətinin qərarına əsasən, bu yaxınlarda ölkədəki 4,8 milyon ev təsərrüfatına müharibə başlanacağı təqdirdə necə hərəkət etmək barədə xüsusi kitabçalar göndərilib. Həmin qərar qəbul ediləndən sonra ölkədə hərbi təlimlər keçirilir. “Böhran və ya müharibə olsa” adlı bu kitabçanın məqsədi sakinləri hərbi münaqişə də daxil olmaqla müxtəlif ssenarilərə hazırlamaqdan ibarətdir. 20 səhifəlik kitabçada ekstremal vəziyyətlərdə necə hərəkət etmək barədə müxtəlif tövsiyələrlə yanaşı, hansı ərzaq məhsullarını tədarük etmək barədə məsləhətlər də var.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm