DÜNYA


İsveçdə koronavirusla bağlı vəziyyət gərginləşir

Stokholm, 19 fevral, AZƏRTAC

İsveçdə koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, fevralın 18-də Stokholmda səhiyyə orqanları tərəfindən keçirilmiş növbəti mətbuat konfransında yoluxmalarda müəyyən artımın olduğu bildirilib. Bundan əlavə, ölkənin bəzi regionlarında COVID-19-un yeni və daha təhlükəli növlərinin yayılması barədə məlumat veriblər.

“İndiyədək qeydə alınmış faktlara nəzər saldıqda bu həftə ərzində yoluxanların sayının artması bəlli olur. Bu da təbii ki, ciddi narahatlıq yaradır”, - deyə İsveç İctimai Səhiyyə Agentliyinin şöbə rəhbəri Sara Bayfors bəyan edib.

İctimai Səhiyyə Agentliyinin nümayəndələrinin bildirdiyinə görə, hələlik yoluxma hallarının artması qurbanların sayına təsir göstərməyib. Ekspertlər bunu infeksiyalara daha həssas olanların peyvənd edilməsi ilə əlaqələndirirlər.

COVID-19-un Britaniya ştammına yoluxanların sayının artması ekspertlərin narahatlığına səbəb olub. Bununla yanaşı, onlar Britaniya mutasiyası ilə bağlı vəziyyəti “ölkədəki pandemiyanın ehtimal olunan üçüncü dalğasına təsir etmək imkanı olmayan" hal kimi xarakterizə ediblər.

Xatırladaq ki, son 24 saat ərzində 10 milyon əhalisi olan İsveçdə koronavirusa 4 min 920 nəfər yoluxma qeydə alınıb, 29 nəfər isə ölüb. Ümumilikdə, İsveçdə virusun aşkarlandığı gündən bəri 627 min 22 nəfər bu xəstəliyə tutulub, 12 min 598 nəfər isə həyatını itirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.