DÜNYA
İsveçdə qaçqınlara sığınacaq verilməsinə razı olanların sayı getdikcə azalır
Stokholm, 5 sentyabr, AZƏRTAC
İsveç sosioloqlarının keçirdiyi yeni sorğuda qaçqınların qəbul ilə bağlı ictimai rəyin xeyli dəyişdiyi qeydə alınıb.
Bu barədə İsveç KİV-ləri “İnisio” Mərkəzinə istinadla xəbər verir. Belə ki, avqustun 31-dən sentyabrın 2-dək mərkəzin əməkdaşları müvafiq sorğu keçirib. Rəy sorğusunun nəticələrinə görə, krallıq əhalisinin əksəriyyəti miqrantların sayının azaldılmasını istəyir.
Hazırda İsveç əhalisinin 60 faizi sığınacaq axtaranları qəbul etməyin əleyhdarı və yalnız 13 faizi miqrasiya axınının artırılması tərəfdarıdır. Ötən il bu göstərici müvafiq olaraq 34 və 31 faiz təşkil edib.
Eyni zamanda, miqrasiya böhranın öhdəsindən gəlmək qabiliyyəti məsələsində vətəndaşların İsveç hökumətinə inam səviyyəsi də azalıb. Belə ki, 2015-ci ildə respondentlərin 48 faizi Nazirlər Kabinetinin bu sahədə siyasəti ilə razılaşmırdısa, hazırda bu fikirdə olanların sayı 65 faiz təşkil edir. Bütün bunlar son il yarımda hökumətin miqrantların qəbulu ilə bağlı qaydaları sərtləşdirməyə dair ardıcıl siyasət yürütməsi fonunda baş verir.
Sorğunun nəticələrinə əsasən, isveçlilərin gəlmələrə kömək etmək istəyi də azalıb. Əgər ötən il respondentlərin 54 faizi bu istəkdə idisə, hazırda bu göstərici 30 faizə enib. Miqrantlara ümumiyyətlə yardım etmək istəməyən isveçlilərin sayı isə 11 faizdən 21 faizədək artıb.
Qeyd edək ki, 9,8 milyon əhalisi olan İsveçə 2015-ci ildə 160 mindən çox miqrant gəlib. Bu adambaşına düşən mühacir baxımından Avropa Birliyində rekord göstəricidir. Qaçqınların nəzarətsiz axınını dayandırmaq üçün İsveç hökuməti sərhəddə yoxlamaları gücləndirib, habelə daimi yaşayış hüququ və ailə ilə birləşmə hüququnun verilməsi haqqında qanunlar xeyli sərtləşdirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm