DÜNYA


İsveçdə seçkilər ərəfəsində kiberhücumlar artır

Stokholm, 31 avqust, AZƏRTAC

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, İsveçdə seçkilər ərəfəsində kiberhücumların sayı artır.

İsveç tarixində ən gözlənilməz nəticələri ola biləcək seçkilər ərəfəsində siyasi təsisatlar və qruplar səsvermənin nəticələrinə təsir edə biləcək kiberhücumlara məruz qalırlar. Artıq “Twitter” də milliyyətçi və immiqrasiya əleyhinə ideyaları təşviq edən çoxlu sayda internet proqramları meydana gəlib. Ölkənin Milli Radioyayım Şirkətinin məlumatına görə, bu səbəbdən İsveçin Dövlət Təhlükəsizlik Xidməti (SEPO) seçki prosesinin qorunması üzrə səylərini gücləndirir. Məlumatda vurğulanır ki, indiyədək seçkilərə təsir cəhdləri artsa da, onlar “kiçik” dərəcəli olublar. O da qeyd olunub ki, aşkar olunmuş faktların heç də hamısı xarici mənşəli deyil.

SEPO-nun rəhbərinin müavini Linda Eskar İsveç radiosuna müsahibəsində deyib: “Biz bir çox hərəkətlər və insidentlər üzərində işləyirik. Kəşfiyyat üzrə fəaliyyətimizdə hər bir cəhdin arxasında kimlərin dayandığını aydınlaşdırmağa səy göstəririk”.

Polisin məlumatına görə, bütün dünyada seçkilərə müdaxilə kampaniyaları saxta informasiyalar formasında yayılır. SEPO İsveçin “xaosda olan ölkə” olduğuna dair daha çox beynəlxalq xəbərləri qeydə alır. Hətta “Twitter” sosial şəbəkəsində hesablardan birində ölkənin Baş naziri Stefan Lyovenə impiçment tətbiq olunması tələb edilir, sosial-demokratların liderinin İsveç və onun əhalisinə qarşı cinayət törətməsi iddia edilir.

“Twitter”də geniş yayılan mövzulardan biri də Avropada adambaşına ən çox immiqrant düşən İsveçin statusu ilə bağlıdır. Digərləri bu ölkəni multikulturalizm üçün “zibil qutusu” adlandırırlar.

Son bir neçə ildə İsveçdə cinayətkarlığın artmasına və xəstəxanalarda növbələrin çoxalmasına baxmayaraq, krallıq həyat şəraiti və iqtisadi rəqabətqabiliyyətlilik göstəriciləri üzrə sorğuların əksəriyyətində yaxşı fəaliyyət göstərən cəmiyyət kimi ilk yerləri tutur.

Sosial-demokratiyanın rəmzi olan İsveç bütün dünyada mühafizəkarların hədəfindədir. Ötən illər ərzində bu ölkə rekord sayda qaçqın qəbul etdiyinə görə sosial şəbəkələrdə və alternativ sağ mənşəli xəbərlərdə sərt hücumlara məruz qalıb.

Çərşənbə axşamı İsveçin Müdafiə Tədqiqatları Agentliyi milliyyətçi “İsveç demokratları” partiyasını dəstəkləmək məqsədilə internet proqramlarının necə hazırlanmasına dair hesabat dərc edib. Son illər immiqrasiya əleyhinə çıxış edən bu ultrasağ yönümlü siyasi partiya ölkədə mövqelərini gücləndirib. Hətta bir sıra hesabatlarda göstərilir ki, kifayət qədər sərt ritorikaya malik olan bu partiya sentyabrın 9-da keçiriləcək seçkilərdə bütün rəqiblərindən çox səs toplaya bilər.

Qeyd edək ki, “İsveç demokratları” partiyası immiqrasiyanın dayandırılması və ölkənin Avropa İttifaqından çıxması ideyaları ilə çıxış edir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.