DÜNYA
İsveçdə üç partlayışın hazırlanmasında və törədilməsində təqsirkar hesab olunan üç nəfər həbs edilib
Stokholm, 10 iyun, AZƏRTAC
İsveçdə üç nəfər həbs edilib. Onlar qaçqın düşərgələrinə və siyasi partiyalara qarşı tətbiq edilməsi nəzərdə tutulan bombalardan istifadə etməklə üç partlayışın hazırlanmasında və törədilməsində təqsirləndirilir.
İsveçin ikinci ən böyük şəhəri olan Höteborqda son iki ildə partlayışlar törətmək cəhdində şübhə doğuran üç kişi həbs edilib.
Yerli KİV-lər bu barədə İsveç prokurorluğunun xüsusi məlumatına istinadən xəbər verirlər.
Cinayətkarlar birinci partladıcı qurğunu 2016-cı ilin noyabr ayında Höteborqun mərkəzində işə salıblar. Xoşbəxtlikdən bu partlayış nəticəsində heç kəs zərər çəkməyib. Digər iki partladıcı qurğu qaçqınlar üçün yataqxanaların yaxınlığında yerləşdirilib. Həmin partlayışlar nəticəsində yalnız yataqxananın bir əməkdaşı yüngül xəsarət alıb.
Məlumata görə, həbs edilən şəxslərin hamısı “Şimali Avropa Müqavimət Hərəkatı” adlı nasist təşkilatla əlaqə saxlayır. İndi onlar müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilir. İstintaqın maraqları nəzərə alınaraq, saxlanılmış şəxslərin adları açıqlanmır.
Prokuror Mats Lyunqkvist deyib: “Bu işdə çox ciddi cinayətlər araşdırılır. Lakin biz güman edirik ki, bu hərəkətlər siyasi motivlərdən qaynaqlanıb”.
Onu da qeyd edək ki, törədilmiş cinayətlər terror aktları hesab edilmir, çünki onlar siyasi, konstitusion, iqtisadi və ya sosial qurumların fəaliyyətində sabitliyin ciddi pozulmasına səbəb olmayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm