SİYASƏT
İsveçdəki Azərbaycan diasporu Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnaməsi ilə bağlı narahatlığını bildirib
Stokholm, 20 sentyabr, AZƏRTAC
İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin təşəbbüsü ilə Avropa Parlamentinin Stokholmda yerləşən ofisində görüş keçirilib.
Görüşdə “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand, Avropa Parlamentinin Stokholm ofisinin mətbuatla iş üzrə departamentinin rəhbəri Cohan Vullt iştirak ediblər.
Söhbət zamanı Nadir Hollenbrand həmsöhbətinə Azərbaycan həqiqətləri haqqında ətraflı məlumat verib, İsveçdəki Azərbaycan diasporunun Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı narahatlığını bildirib.
Vurğulanıb ki, adı çəkilən qətnamədə Azərbaycan ilə bağlı qeyd olunan iddialar əsassızdır, eyni zamanda, bu fakt ölkəmizə qarşı yürüdülən siyasətin qərəzli xarakter almasının göstəricisidir.
Sonda “Azərbaycan naminə” Cəmiyyəti tərəfindən Avropa Parlamentinə ünvanlanan qətnamə Cohan Vullta təqdim edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm