İsveçdəki Azərbaycan diasporunun üzvləri Riksdaqın deputatı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparmışlar
AzerTAg.az
Bakı, 21 oktyabr (AZƏRTAC). İsveçdəki Azərbaycan diasporunun nümayəndələri Riksdaqın deputatı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparmışlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” cəmiyyətinin sədri Nadir Hollenbrand, Türkiyə “İhlas Haber Ajansı”nın Skandinaviya ölkələri üzrə təmsilçisi Mətin Altınişık və Azərbaycan diasporunun bir qrup üzvü “Ətraf mühiti qoruma və Yaşıllar” partiyasının parlament qrupunun başçısı Mehmet Kaplanla görüşmüşlər.
Görüşdə Mehmet Kaplan tərəfindən hazırlanaraq İsveç parlamentinə təqdim olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi ətrafında müzakirələr aparılmışdır. İsveç parlamentinin deputatı qətnamənin müzakirəyə çıxarılmasına başlıca səbəb kimi ATƏT-in və beynəlxalq ictimaiyyətin bu problemin həllində passiv rol oynamalarını göstərərək məsələnin gündəmə çıxarılmasının vacibliyini qeyd etmişdir.
Bu ölkədə fəaliyyət göstərən “ArazTV”-nin nümayəndəsi Əkbər Səfərli İsveç parlamentinin deputatına görüş üçün təşəkkür etmiş, Stokholmun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı düzgün mövqe tutduğunu bildirmişdir.
“Azərbaycan naminə” cəmiyyətinin sədri N.Hollenbrand Stokholmun cənubundakı Södertelie qəsəbəsində ermənilərin və asurilərin qondarma erməni genosidinə abidə ucaltmaq istədiklərini deputatın diqqətinə çatdırmışdır.
M.Kaplan bunun mümkünsüz olduğunu bildirmişdir. O, İsveçin xarici ölkələrlə siyasətinin düzgün qurduğunu qeyd etmiş və bunun bir qəsəbə bələdiyyəsi tərəfindən müəyyən olunmadığını vurğulamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var