SİYASƏT


İsveçin Linköping Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı seminar keçirilmişdir

Stokholm, 17 may (AZƏRTAC). İsveçin Linköping Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı seminar keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutmuşdur.

Əvvəlcə Dağlıq Qarabağ münaqişəsi haqqında film nümayiş olunmuşdur.

İsveç-Azərbaycan gənclər təşkilatının rəhbəri Mahirə Muxtarlı seminar iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və acı nəticələri barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdur.

Sonra çıxış edən Oslo-Azərbaycan Evinin sədri Ramil Əliyev və Skandinaviya Ölkələri ilə Elmi və Mədəni Əlaqələr İctimai Birliyinin rəhbəri Nazim Əhmədli bildirmişlər ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlılara böyük maddi və ağır mənəvi zərbələr vurulmuşdur. Onları amansızcasına qətlə yetirən ermənilər insanlığa qarşı ən ağır cinayətlər törətmişlər. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatları həyata keçirmişlər. Bu təcavüzkar siyasət nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması barədə 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 20 ildən artıq vaxtın ötməsinə baxmayaraq, Ermənistan təşkilatın bu tələblərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirir.

Sonra seminar iştirakçılarının sualları cavablandırılmış, onlara Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və bukletlər paylanmışdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.