DÜNYA
İsveçin Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Tehran 10 may, AZƏRTAC
İsveçin İrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyada tələbələr və şəhid ailələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları İranın məhkəmə sisteminin keçmiş əməkdaşı Həmid Nurinin İsveçdə həbs olunmasına etiraz ediblər.
İran mətbuatının verdiyi məlumata görə, İsveçdə səfərdə olan H.Nuri İslam inqilabından sonra Avropa dövlətlərinə mühacirət edən “Xalq mücahidləri” təşkilatının üzvlərinin şikayətinə əsasən həbs edilib. İsveç məhkəməsinin iranlı mühacirlərin şikayətini əsas götürərək H.Nuriyə cinayət işi açması İranda hökumət və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
İsveç səfirliyinin qarşısında etiraz edənlər bildiriblər ki, “Xalq mücahidləri” təşkilatı tərəfindən İranda törədilən terror aksiyalarında yüzlərlə günahsız insan şəhid olub. Belə bir təşkilatın şikayəti əsasında H.Nuriyə qarşı əsassız ittihamların irəli sürülməsi və onun həbs olunması yolverilməzdir.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib ki, İsveçin hüquq-mühafizə orqanlarının H.Nuriyə qarşı irəli sürdükləri ittihamlar siyasi xarakter daşıyır və İrana təzyiq göstərməkdən başqa bir şey deyil.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran