DÜNYA
İsveçlə qonşu ölkələrdə avtomobillərin gecə yandırılması halları qeydə alınıb
Stokholm, 24 avqust, AZƏRTAC
Kopenhagendə son üç gecədə 20-dək avtomobil yandırılıb. Avtomobillərin yandırılması halları Norveçdə də qeydə alınıb. Orada bazar ertəsindən çərşənbə axşamına keçən gecə iki avtomobil yandırılıb. Bu məlumatı yerli KİV-lər yayıb.
Bu vəziyyət asayiş keşikçilərini narahat edir. Çünki bundan əvvəl İsveç şəhərlərində baş verən avtomobillərin yandırılması hadisəsi hazırda qonşu ölkələrə keçib.
Danimarka polisi xəbər verir ki, bazar gününün ilk saatlarında Kopenhagendə 10-dan çox avtomobil yandırılıb, bazar ertəsi səhər isə azı yeddi avtomobil yandırılıb. Hadisə paytaxtın kənarında bir neçə yerdə baş verib.
Oslo yanğın xidməti departamenti özünün “Twitter” səhifəsində avtomobil yandırılmasına dair ilk 2 hadisə barədə məlumat verib. Xidmətin nümayəndəsi Rune Elstad yerli KİV-lərə deyib: “Biz parklama yerində avtomobilin yanması barədə məlumat aldıq. Hadisə yerinə çatanda alov qonşu maşına da keçmişdi”.
Xatırladaq ki, İsveçin Malmö şəhərində iyul ayında azı 70 avtomobil yandırılıb. İsveçin Stokholm, Höteborq və Norçöpinq şəhərlərində də avtomobillər yandırılıb. Polisin məlumatına görə, İsveç ərazisində 2000-dən çox avtomobil yandırılıb. Bununla bağlı hökumət və polis cəzanın sərtləşdirilməsi və təhlükəsizliyin təmini istiqamətində əlavə profilaktik tədbirlərin görülməsi məsələlərini nəzərdən keçirir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm