DÜNYA


İsveçrə Federal Səhiyyə İdarəsi koronavirusun İsveçrə variantı barədə açıqlama verib

Bern, 27 aprel, AZƏRTAC

Koronavirusun Hindistanda tüğyan edən və ikiqat mutasiyaya uğramış B.1.617 variantı barədə həyəcanlı xəbərlər artdıqca İsveçrə mətbuatında “yerli“ variant diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, koronavirusun İsveçrə variantı (B.1.139) adı verilən mutasiya ilə bağlı Federal Səhiyyə İdarəsi (BAG) açıqlama yayıb. Təşkilatın rəsmisi Virciniya Marrerey bildirib ki, əslində İsveçrə variantı kimi tanınan B.1.139 mutasiyası hələ ötən ilin yazından məlumdur. Pandemiyanın gedişatında bu variant xüsusi rol oynamadığına və digər variantlarla müqayisədə dominant mövqeyə çıxmadığına görə daim diqqətdən kənarda qalıb. Bu ilin aprel ayında Genom Təbabəti üzrə İtaliya İnstitutu B.1.139 mutasiyasına İsveçrə variantı adı verib, buna səbəb isə bu varianta daha çox İsveçrədə rastlanmasıdır. Çünki koronavirus variantlarının beynəlxalq məlumat bankında qeydiyyatı aparılan məlumatlarda bu varianta yoluxmanın dünya üzrə 69 faizi İsveçrənin payına düşür. V.Marrerey qeyd edib ki, bu xəbər İsveçrədə mətbuatın diqqətini çəkdiyinə görə əhali arasında da narahatlıq yaranıb, lakin bir ildən bəri məlum olan bu variantın digərləri ilə müqayisədə daha təhlükəli ola bilməsinə dair heç bir məlumat yoxdur.

BAG rəsmisi öz açıqlamasında xüsusilə vurğulayıb ki, koronavirusun İsveçrə variantı barədə xəbərlər mətbuata təzəcə yol tapması narahatlığa əsas vermir. Mövcud peyvəndlərlə bu varianta qarşı effektiv mübarizə aparılır və bu variantın peyvəndin təsir gücünü azaldan xüsusiyyəti yoxdur.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.