REGİONLAR


İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Sumqayıt Kimya Sənaye Parkında olub

Sumqayıt, 10 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Sumqayıt Kimya Sənaye Parkında olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə danışılıb. Bildirilib ki, sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının rezidentləri və onların istehsal etdikləri məhsullar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan və İsveçrə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti, İsveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat qatqıları zavodu bu sahədə əməkdaşlığın uğurlu nümunələridir.

Görüşdə Sənaye parklarının təqdimatı keçirilib.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye parka səfər etmələrində məqsədin burada sahibkarlar üçün yaradılan şəraitlə, sənaye parkının rezidentlərinin fəaliyyət istiqaməti ilə tanışlıqdan ibarət olduğunu bildirib. O, İsveçrə iş adamlarını Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya yatırmağa cəlb etməkdə maraqlı olduğunu bildirib, sənaye parklarında rezidentlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Sonda sənaye parkına sərmayə yatırılmasının perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə, sənaye parkının rezidentləri İnşaat kimyəviləri zavodunda gedən istehsal prosesi ilə və “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək sıxlıqlı polietilen (YSPE) zavodları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.