DÜNYA


İsveçrə hökuməti hakerlərə mükafat verəcək

Bern, 8 fevral, AZƏRTAC

Hakerlər bir ay boyunca İsveçrənin elektron səsvermə sisteminə hücum edə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu addımla İsveçrə hökuməti “Schweizer Post AG” tərəfindən təqdim edilən sistemin etibarlılığını yoxlamaq və həmçinin əhalidə bu sistemə qarşı inam yaratmaq niyyətindədir. Artıq 450-dən artıq haker bu məqsədlə www.onlinevote-pit.ch saytında rəsmi qeydiyyatdan keçib və fevralın 25-dən martın 24-dək elektron səsvermə sisteminə hücum edə biləcəklər. İspaniyanın “Scylt” şirkətinin hazırladığı texnologiyanın yoxlanılması gələcəkdə mümkün boşluq və manipulyasiya imkanlarının qarşısını indidən almağa xidmət edir.

Hakerlərin qarşısına sayt idarəçilərinin xəbəri olmadan sistemi manipulyasiya etmək, saxta seçici profilləri yaratmaq və ya mövcud olanları dəyişmək, hər bir seçicinin məxfi səsvermə nəticələrini aşkara çıxarmaq və onu saxtalaşdırmaq, ümumi səsvermə nəticələrinə təsir etmək və s. tapşırıqlar qoyulub. Hakerlərin marağını artırmaq üçün, ümumilikdə, 250 min İsveçrə frankı məbləğində mükafat fondu da təsis edilib. Hansısa seçicinin kimə səs verdiyini aşkara çıxara bilən hakerə 5 min frank, aşkar edilmədən fərdi səsləri manipulyasiya edən hakerlərə isə 20-50 min frank arasında mükafat vəd edilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.