DÜNYA
İsveçrə qlobal rəqabətə davamlılıq reytinqində ilk beşlikdədir
Bern, 9 oktyabr, AZƏRTAC
İsveçrə Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 82,3 balla ilk beşlikdə yer alıb.
AZƏRTAC xəbər verir ki, 12 makroiqtisadi parametr əsasında tərtib edilən reytinqdə dünya ölkələrinin müxtəlif iqtisadi amillər üzrə sıralanıb.
İlk sırada Sinqapurun yer aldığı reytinqdə sonrakı yerləri ABŞ, Honkonq və Niderland tutub. İsveçrə makroiqtisadi sabitlik, infrastruktur, səhiyyə sistemi və təhsil imkanları kimi əsas parametrlərdə ilk onluqda yer alsa da, son illərin göstericilərinə görə, bu ölkə birinci pillədən (2017) beşinci pilləyə düşüb. Bu, reytinqdə innovasiya gücü və dördüncü sənaye inqilabına uyğunlaşma qabiliyyəti kimi amillərin daha çox çəkiyə malik olması, digər tərəfdən İsveçrənin gömrük sistemi və yerli bazarın xarici şirkətlər üçün açılması sahəsində mürəkkəb struktur və məhdudiyyətlərin mövcudluğu ilə izah olunur.
Reytinqə daxil edilən məlumatlar son 2 ildə dünya ölkələrinin xalq təsərrüfatındakı inkişaf dinamikası əsasında tərtib edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern