DÜNYA


İsveçrə şirkəti Çində dünyanın ən təkmil robot fabrikini quracaq

Sürix, 29 oktyabr, AZƏRTAC

İsveçrənin ABB səhmdar cəmiyyəti Çinin Şanxay regionunda dünyanın ən təkmil, yüksək dərəcədə avtomatlaşdırılmış və çevik robot fabrikinin qurulmasına 150 milyon dollar sərmayə yatıracağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı mətbuat bəyanatında tam avtomatlaşdırılmış fabrikdə robotların robotlar tərəfindən istehsal edəcəyi qeyd edilib. Şirkətin həmin regionda yerləşən robot düşərgəsi ərazisində tikiləcək fabrikdə müasir robotlar istehsal olunacaq və süni intellekt sahəsində tədqiqatlar aparılacaq. “Gələcəyin fabriki” adlanan müəssisə 2020-ci ildə fəaliyyətə düşəcək.

Çində ümumilikdə 18 min işçi çalışdıran konsern Çin bazarına girdiyi 1992-ci ildən bəri bu ölkəyə 2,4 milyard dollar sərmayə yatırıb. Dünyada istehsal olunan hər üç robotdan birinin yalnız Çin tərəfindən idxal edilməsini nəzərə alaraq, şirkət bu ölkədəki fəaliyyətini daha müasir tələblər əsasında inkişaf etdirəcək. Fabrikdə qurğu və robotlar bir-biri ilə şəbəkələşmiş şəkildə fəaliyyətdə olacaq və süni intellekt sayəsində öz aralarında iş prosesi ilə bağlı kommunikasiyanı həyata keçirəcəklər. Fabrikdə illik 100 min robotun istehsalı nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.