İQTİSADİYYAT
İsveçrə şirkəti azad olunmuş ərazilərimizin bərpası ilə bağlı verdiyi təklifləri açıqlayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
İsveçrənin “sa_partners” şirkəti azad olunmuş ərazilərimizin bərpası ilə bağlı verdiyi təklifləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda şirkətin təsisçilərindən olan Dunya Kovari məlumat verib.
O, Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin tikinti prosesi ilə bağlı şirkətin təkliflərini səsləndirib.
Bildirib ki, Azərbaycandan olan tərəfdaşlar bu təkliflərə açıq və dəstəkləyici yanaşıblar. Əsas məqsəd bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz və dayanıqlı yaşayışını təmin etməkdir.
"Zəngilan şəhərinin bərpası zamanı yaşıllaşdırma məsələləri diqqət mərkəzində olacaq. Şəhərdə yaşıllıq qorunacaq, parklar salınacaq, yaşayış binaları iki mərtəbəli olacaq. Şəhərin elementləri binanın inşasında tətbiq ediləcək", - deyə D.Kovari vurğulayıb.
Kəlbəcərin bərpası ilə bağlı danışan isveçrəli nümayəndə burada sağlamlıq turizminin yaradılması məsələsini diqqətə çatdırıb.
O qeyd edib ki, Qubadlı şəhərinin bərpasında prioritet su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsidir. Burada tətbiq ediləcək konsepsiya da su ehtiyatlarını qorumağa və təkrar istifadəyə imkan yaradacaq.