CƏMİYYƏT


İsveçrədə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Bern, 12 noyabr, AZƏRTAC

İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan Dövlət Bayrağı Günü qeyd olunub və mədəniyyətimizin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. 400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbirdə ölkəmizi Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdlərindən ibarət rəqs qrupu təmsil edib. Səhnəyə ölkəmizin bayraqları ilə çıxan şagirdlər həmvətənlərimizin Dövlət Bayrağı Gününü təbrik edib və qonaqlara uşaqların ifasında Azərbaycanın milli rəqsləri nümayiş olunub. Çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva Dövlət Bayrağı Günü, ölkəmizin mədəniyyəti və multikulturalizm dəyərləri haqqında danışıb, göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini ifadə edib. Sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov qonaqlara Qarabağ məktəbi haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn Qarabağ məktəbi artıq ikinci ildir fəaliyyət göstərir. Yarandığı dövrdən diqqət mərkəzində olan məktəbin şagirdləri tez-tez bu ölkədə keçirilən müxtəlif tədbirlərə dəvət alır və iştirak etdikləri yerlərdə ölkəmizi layiqincə təmsil edirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.