DÜNYA


İsveçrədə keçirilən referendumlarda mühüm təşəbbüslər dəstəklənməyib

Bern, 30 noyabr, AZƏRTAC

Noyabrın 29-da İsveçrədə keçirilən növbəti referendumlarda əsas təşəbbüslər rədd edilib.

AZƏRTAC xəbər verir ki, referendumda İsveçrə şirkətlərinin xaricdəki törəmə firmaları və ya onların istehsal zəncirinə daxil olan podratçı şirkətlərdə insan haqlarının pozulması və ətraf mühitə zərər vurulması hallarında İsveçrə qanunvericiliyi əsasında məsuliyyətə cəlb edilməsinə dair təşəbbüs əhali tərəfindən dəstəklənib (50,7 faiz lehinə). Lakin “konsern cavabdehliyi” adlanan bu təşəbbüs kanton nümayəndələrinin səs çoxluğu (23 səsdən 14,5-i lehinə) ilə ümumilikdə rədd edilib. Bu təşəbbüsə qarşı çıxanlar xarici şirkətlərin günahı ucbatından İsveçrə şirkətlərinin gələcəkdə cəzalandırıla və bu yolla da ölkə iqtisadiyyatına zərər vurula biləcəyini iddia edirlər.

“Hərbi materiallar istehsalçılarının maliyyələşdirilməsinin qadağan edilməsi“ təşəbbüsü isə həm xalq tərəfindən (57,5 faiz əleyhinə), həm də kantonlar tərəfindən (19,5 səs əleyhinə) aydın şəkildə rədd edilib. Təşəbbüs müəllifləri dövlət təşkilatlarının, Milli Bankın və fondların hərbi materiallar istehsal edən şirkətlərə sərmayə yatırılmasının qadağan olunmasına nail olmaq istəyirdilər. “Ordusuz İsveçrə naminə” qrupu tərəfindən irəli sürülən və “müharibə biznesi“ adlandırılan təşəbbüsün İsveçrənin özündə silah istehsalı ilə yanaşı həm silah, həm mülki istehsalat fəaliyyəti olan şirkətlərə yatırımları təhlükə altına alırdı. Təşəbbüs əleyhinə çıxanlar öz çıxışlarında gələcəkdə “Boeing“, “Airbus“, “Rolls Royce” kimi hər iki sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq və sərmayə imkanlarının məhdudlaşacağını əsas göstərirdilər.

Qeyd edilməlidir ki, birbaşa demokratiyanın mühüm sütunlarından biri olan referendum İsveçrədə ölkə həyatının tərkib hissəsidir. İldə dörd dəfə (hər rüb üzrə bir dəfə) təşkil olunan referendumlarda təşəbbüs qrupları tərəfindən təklif olunan qanun layihələri sadə və ya mərhələli (xalq və kantonların səsverməsi) şəkildə səsverməyə çıxarılır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.