QAN YADDAŞI
İsveçrədəki “Qarabağ” məktəbinin şagirdlərinə 20 Yanvar faciəsindən danışılıb
Bakı, 19 yanvar, AZƏRTAC
İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin növbəti dərsinin mövzusu 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn formatda keçirilən dərsdə məktəbin müəllimi, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi əsasında fövqəladə vəziyyət elan edilmədən, beynəlxalq hüquq normalarına zidd olaraq Bakıya sovet qoşunlarının yeridilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, xüsusi amansızlıqla və qəddarlıqla törədilən qanlı cinayət zamanı milli mənsubiyyətindən, yaşından və cinsindən asılı olmayaraq dinc əhali atəşə tutulub, 147 mülki şəxs, o cümlədən uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilib. SSRİ rəhbərliyinin yarıtmaz, ermənipərəst və qorxunc mövqeyinin xalqımızın azadlıq, müstəqillik ruhunu boğa bilmədiyi, proseslərin 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndiyi diqqətə çatdırılıb.
Dərs məktəblilərin suallarının cavablandırılması ilə yekunlaşıb.