İQTİSADİYYAT
İsveçrənin Əməkdaşlıq İdarəsinin Azərbaycandakı fəaliyyət istiqamətləri müzakirə edilib
Bakı, 17 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Alberto Hernandez arasında onlayn formatda görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, icraçı direktor V.Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilən milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də “Azexport.az”, “EnterpriseAzerbaijan.com”, Rəqəmsal Ticarət Qovşağı, “Azranking.az” və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib. Görüşdə İİTKM-də makroiqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında SECO tərəfindən təmin edilən ekspert dəstəyi və göstərdiyi əməkdaşlıq yüksək qiymətləndirilib.
SECO-nun Cənubi Qafqaz üzrə regional direktor müavini A.Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində qurum tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. Görüşdə makroiqtisadi təhlil və proqnozlaşdırma modellərinin qurulması, diversifikasiya, maliyyə sektorunda islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
Görüşdə İİTKM-in layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və SECO-nun ölkə proqramı üzrə meneceri Aytən Axundova da iştirak edib.