SİYASƏT
İsveçrənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştadler ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan nazir Elmar Məmmədyarov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər.
Görüş zamanı səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirilib.
Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Filip Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.