CƏMİYYƏT


İsveçrənin Friburq Universitetində “Azərbaycan qadınları” adlı kitabın təqdimatı keçirilib

Friburq, 12 oktyabr, AZƏRTAC

Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə oktyabrın 11-də İsveçrə Konfederasiyasının Friburq Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan, fransız müəllif Jan Lui Quronun qələmə aldığı “Azərbaycan qadınları” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın və müəllif Jan Lui Quronun iştirak etdikləri təqdimat mərasimində Friburq Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da qatılıb.

Təqdimat mərasimində Hicran Hüseynova Azərbaycan qadınlarının keçmişi və bu gününə dair geniş məlumat verib və cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və eyni zamanda, ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illik yubileylərinin qeyd edildiyini diqqətə çatdırıb.

Hicran Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında qadın siyasətinə dair bir sıra vacib qanun layihələrinin zamanında hazırlanaraq parlamentə təqdim edildiyini və onun ictimai-siyasi, mədəni və bir sıra digər sahələrdəki fəaliyyətinin qadınlara daim örnək olduğunu diqqətə çatdırıb.

Azərbaycanda qadınların ölkənin ictimai-siyasi və eləcə də digər sahələrdə fəal rola malik olduqlarını qeyd edən Komitə sədri ölkəmizdə qadınların hazırda nəinki dövlət qurumlarında, həmçinin idman sahəsində fəal olduqlarını, Olimpiya medallarına layiq görülən idmançı qadınların sayının artdığını bildirib.

Təqdimat mərasimində müəllif Jan Lui Quro çıxış edərək “Azərbaycan qadınları” kitabının iki cilddə - “Keçmişin qadınları” və “Bu günün qadınları” başlıqlı olduğunu qeyd edib. Müəllif keçmiş zamanlardan bəri Azərbaycan qadınlarının cəmiyyətdə fəal rol oynadığını vurğulayıb.

Sonda auditoriyanın sualları cavablandırılıb. Kitablar Friburq Universitetinə təqdim olunub.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Friburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.