DÜNYA
İsveçrənin İrandakı səfirliyinin əməkdaşının ölümünün intihar hadisəsi olduğu təsdiqlənib
Tehran, 6 may, AZƏRTAC
İsveçrənin İrandakı səfirliyinin 51 yaşlı əməkdaşı Silviya Bronerin intihar etməsi faktı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, polisin qadın diplomatın yaşadığı evdə apardığı axtarışlar nəticəsində onun tərəfindən yazılmış məktub tapılıb. S.Broner məktubda öləndən sonra nəşinin Vətəninə aparılmasını və oğlunun yanında dəfn olunmasını vəsiyyət edib. O, bank hesabındakı pulunu və daşınmaz əmlakını 21 yaşlı digər oğluna vəsiyyət edib.
Həyat yoldaşından ayrılan S.Bronerin iki oğlundan birinin gənc yaşlarında vəfat etdiyi, onun Tehranda tək yaşadığı müəyyənləşib.
Qeyd edək ki, İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi Silviya Broner üç gün əvvəl Tehranın Kamraniyə rayonundakı çoxmərtəbəli binanın damından özünü ataraq intihar edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran