CƏMİYYƏT


İsveçrənin Leysin şəhərində azərbaycanlı məktəblilər üçün Novruz şənliyi keçirilib

Bern, 22 mart, AZƏRTAC

İsveçrə Konfederasiyasının Leysin şəhərində fəaliyyət göstərən İsveçrə Amerikan Akademiyası beynəlxalq məktəbində ilk dəfə Azərbaycandan iştirak edən məktəblilər üçün Novruz bayramı tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq məktəbdə dünyanın bir çox ölkələrindən məktəblilər hazırlıq kurslarında təhsil alırlar. Azərbaycandan isə ilk dəfə bu ilin 18-31 mart tarixlərində məktəbli qrupu iştirak edir.

Tədbirdə səfirliyin əməkdaşları Novruz bayramı haqqında məlumat veriblər. Bildirilib ki, qədim tarixə malik Novruz bayramı həmişə xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri ilə və mərasimlərlə qeyd edilib. Novruz bayramının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin tərkibinə daxil edilməsi xüsusi vurğulanıb.

Qonaqlara səfirlik tərəfindən Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli-mənəvi dəyərlərə dərin bağlılığının rəmzi olan Novruz bayramı münasibətilə hazırlanmış milli şirniyyatlar təqdim edilib.

Ziyafətdən sonra məktəblilərlə görüş keçirilib və fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində İsveçrə Konfederasiyasının təhsil sistemi haqqında məktəblilərə məlumat verilib. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı nəşr olunmuş kitabların səfirlik tərəfindən mütəmadi olaraq İsveçrə Konfederasiyasının universitetlərinə və kitabxanalarına verildiyi qeyd edilib.

Tədbirin sonunda İsveçrə Amerikan Akademiyasının rəhbərliyi tərəfindən səfirliyə göstərilən dəstək üçün minnətdarlıq bildirilib və gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.