MƏDƏNİYYƏT
İsveçrənin Qraubünden Tətbiqi Elmlər Universitetinin internet səhifəsində Azərbaycanla bağlı yazı yerləşdirilib
Bern, 25 noyabr, AZƏRTAC
İsveçrənin Qraubünden Tətbiqi Elmlər Universitetinin internet səhifəsində “Azərbaycan – Odlar Yurdu” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ali təhsil ocağının bir qrup tələbəsinin Azərbaycana səfəri əsasında hazırlanmış yazıda ölkəmizin turizm imkanları diqqət mərkəzində saxlanılıb. Müəlliflər hazırda Azərbaycanda və paytaxt Bakıda turizmin inkişafı üçün mühüm işlər görüldüyünün şahidi olduqlarını qeyd ediblər.
Layihə menecmenti praktikada fənninin tədrisi çərçivəsində Azərbaycana səfər edən gənclər ölkənin tarixi, mədəni və dini dəyərləri çərçivəsində turizm imkanlarının inkişafı və turizmin rolunun gücləndirilməsini tədqiq ediblər. Eyni zamanda, ölkəyə gələn turistlərin əsasən hansı hədəf qruplarından ibarət olması, biznes tərəfdaşların seçilməsi də tədqiqatın əsas mövzuları arasında yer alıb.
Araşdırma nəticəsində müəlliflər belə qənaətə gəliblər ki, Azərbaycan çox qonaqpərvər ölkə olmaqla yanaşı, ölkəyə daha çox turistin səfər edilməsi istəyi böyükdür. Yaxın gələcəkdə Avropada turistik hədəflər sırasında Azərbaycanın da adının tez-tez çəkiləcəyinə əminlik ifadə olunub. Bunun üçün isə müvafiq infrastrukturun inkişafı, biznes tərəfdaşlığının gücləndirilməsi mühüm amillər kimi qeyd edilib.
Müəlliflərin diqqətindən yayınmayan məqamlar sırasında Azərbaycanın zəngin mədəni müxtəlifliyi və Şərq ilə Qərbin uğurlu sintezinin burada reallaşması olub. Burada həm idmanı, həm təbiət səyahətini, həm də memarlığı sevənlər üçün kifayət qədər təkliflərin olduğu diqqətə çatdırılıb.
İsveçrənin turizm sahəsi üzrə ixtisaslaşmış ən mötəbər təhsil müəssisələrindən biri olan Qraubünden Tətbiqi Elmlər Universitetinin bir qrup tələbəsinin Azərbaycana tədqiqat səfərinin baş tutmasına ölkəmizin İsveçrədəki səfirliyi də dəstək verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern