DÜNYA
İsveçrənin Tehrandakı səfirliyi önündəki aksiyada jurnalistə azadlıq tələb edilib
Tehran, 21 yanvar, AZƏRTAC
Bu gün bir qrup qadın və tələbə İsveçrənin Tehrandakı səfirliyi qarşısında aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları ABŞ hökumətindən həbs edilən jurnalist Mərziyyə Haşiminin azadlığa buraxılmasını tələb ediblər. Aksiyada iştirak edənlər bildiriblər ki, həbs zamanı jurnalistin qadın olmasına baxmayaraq, əllərinə və ayaqlarına qandal vurublar. Bu dünyada misli görünməmiş vəhşilikdir. İnsan hüquqlarının müdafiəçisi kimi çıxış edən ABŞ-ın bu hərəkətləri onu deməyə əsas verir ki, rəsmi Vaşinqton bu və ya digər ölkədə insan hüquqlarının pozulması iddiası ilə çıxış edərək həmin ölkələrin daxili işlərinə qarışmaq istəyir. Əslində isə insanların hüquqlarının pozulması ABŞ-ı qətiyyən narahat etmir.
Diqqətə çatdırılıb ki, M.Haşimiyə qarşı ittiham irəli sürülmədən həbs edilməsi siyasi xarakter daşıyır və Amerika İrana təzyiqini artırmağa çalışır. Aksiya iştirakçıları beynəlxalq təşkilatlara müraciət edərək onları iranlı jurnalistin Kamal Qaşıqçının taleyini yaşamaması üçün ABŞ-a təsir göstərməyə çağırıblar.
Xatırladaq ki, ABŞ-ın İrandakı maraqlarının müdafiəçisi İsveçrə səfirliyi olduğu üçün aksiya məhz bu səfirliyin qarşısında keçirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran