DÜNYA
İsveçrənin əczaçılıq konserni koronavirusa qarşı peyvəndin icbari qaydada tətbiqinə tərəfdardır
Bern, 13 noyabr, AZƏRTAC
İsveçrənin “Roche” əczaçılıq konserni koronavirusa qarşı hazırlanacaq peyvəndlərin icbari qaydada tətbiqinə tərəfdardır.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı əczaçılıq şirkətlərindən olan “Roche”nin özü peyvənd tədqiqatlarında iştirak etməsə də, konsernin rəhbəri Kristof Frants pandemiyaya qarşı mübarizənin yalnız icbari vaksinasiya əsasında mümkün olacağını ifadə edib. O bildirib ki, yalnız müvafiq peyvənd maddəsini bədənində daşıyaraq virusa qarşı immunitetə malik insanlar əhalinin bu bəladan qoruna bilməsinə töhfə verə bilərlər. Ona görə də bu cür həyati və vacib məsələdə hansısa məhdudiyyət və istisnalara yol vermək olmaz. Hamının peyvəndləmədə iştirakı insanların azadlıqlarını məhdudlaşdırmır, əksinə, bu, həyatın digər sahələrində geniş azadlıqlar yaratdığını vurğulayıb.
Nüfuzlu əczaçılıq konserninin rəhbəri icbari peyvəndləməyə tərəfdar olsa da, İsveçrənin səhiyyə naziri Alen Berset hökumət tərəfindən peyvənd məcburiyyətinin nəzərdə tutulmadığını söyləyib. Onun sözlərinə görə, hər bir şəxs digər peyvəndlərdə olduğu kimi, koronavirus əleyhinə peyvənd barədə də müstəqil şəkildə özü qərar verməlidir. Bununla belə nazir bildirib ki, təkcə İsveçrədə koronavirusla bağlı vəziyyəti uzun müddət nəzarət altına ala bilmək üçün ölkə əhalisinin təxminən 60 faizi peyvənd edilməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern