DÜNYA


İsveçrənin qırıcı təyyarələrin alınması ilə bağlı qərarı Fransanı hiddətləndirib

Bern, 20 sentyabr, AZƏRTAC

İsveçrənin ölkənin müdafiə qabiliyyətini təmin etmək üçün qırıcı təyyarələrin alınmasına dair qərarı Fransa tərəfini hiddətləndirib. Vəziyyət o həddə çatıb ki, Fransa Prezidenti Emmanuel Makron noyabrda Parisə səfər etməli olan İsveçrə Prezidenti Qi Parmelinin dəvətini ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sonntags Zeitung” nəşri məlumat yayıb.

Qeyd edilib ki, üç il əvvəl olduğu kimi, bu ilin noyabrında da E.Makron Yelisey sarayında İsveçrə dövlət başçısını qəbul etməli idi. Fransa ilə “Rafale” tipli qırıcıların alınmasına dair danışıqlar aparsa da, sonda ABŞ-ın istehsalı olan “F-35” döyüş təyyarələrini almağa qərar verən İsveçrənin bu addımı fransızların hiddətinə səbəb olub. Fransızların qənaətinə görə, isveçrəlilər qonşu və strateji tərəfdaş ölkə ilə danışıqların aparıldığı müddətdə qırıcıların başqa ölkədən alacaqlarını dəqiq biliblər.

Qəzetin məlumatına görə, Fransanın İsveçrədəki səfiri Xarici İşlər İdarəsinə gələrək, Prezident Makron və Prezident Gi Parmelin arasında görüşün baş tutmayacağı xəbərini çatdırıb. Eyni zamanda, bildirilib ki, rəsmi Paris növbəti ilin yayına kimi yüksək səviyyəli ikitərəfli təmasları qadağan edib.

İsveçrə Xarici İşlər Nazirliyindən mətbuata verilən məlumatda qeyd edilib ki, Paris səfəri hələ qəti şəkildə razılaşdırılmayıb və ona görə də söhbət təsdiqlənmiş görüşün ləğvindən getmir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.